Mərkəzi Bank Quba şəhərində maliyyə savadlılığı təlimləri keçirmişdir

  • 19 Dekabr 2018
  • 133 baxış

Azərbaycan Respublikası Mərkəzi Bankı “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar Quba şəhərində bir qrup tələbə-gənclər və təqaüdçülər üçün növbəti tədbirlər keçirmişdir. Cari ilin 13-14 dekabr tarixlərində Mərkəzi Bankın Quba Regional Mərkəzində təşkil olunmuş bu təlimlərdə “Üçüncü Bahar” sosial layihə iştirakçıları olan təqaüdçülərdən və Quba Dövlət Sosial-İqtisadi Kollecinin tələbələrindən ibarət iştirakçılara pulun təhlükəsizlik elementləri, bank əməliyyatları, pul köçürmələri və kredit və zaminlik mövzularında təlimlər keçirilmiş, Maliyyə savadlılığı portalı (bizimpullar.az) və Virtual Təhsil platforması (edu.e-cbar.az) haqqında məlumatlar verilmişdir. Mövzular ərtafında müvafiq animasiyalar nümayiş etdirilmiş, müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Qeyd edək ki, “Üçüncü Bahar” sosial layihə iştirakçıları olan təqaüdçülər cari ildə pilot hədəf qrupu kimi maliyyə savadlılığı tədbirlərinə cəlb olunmuşlar. Onların bu istiqamətdəki maraq və həvəsini nəzərə alaraq növbəti illərdə də təqaüdçülərlə maliyyə maarifləndirilməsi işlərinin aparılması planlaşdırılır.

Mərkəzi Bank sözügedən “Strateji Yol Xəritəsi”nin icrası ilə əlaqədar cari təşəbbüslərini genişləndirərək, hədəf qruplarına yönəlmiş müxtəlif tədbirləri gələcəkdə də davam etdirəcəkdir.