Əhalinin maliyyə savadlılığının artırılması ilə bağlı Quba rayonunda sakinlərlə görüş keçirilib.

  • 14 İyun 2019
  • 104 baxış

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” sərlövhəli 5-ci strateji hədəfinin və “Rəqəmsal ödənişlərin genişləndirilməsi 2018-2020” dövlət proqramının icrası istiqamətində Mərkəzi Bank ölkədə maliyyə savadlılığı səviyyəsinin artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirir. Bu qəbildən olmaqla,13 iyun 2019-cü il tarixində Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) təşkilatçılığı, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun əhalinin maliyyə savadlılığını artırılması istiqamətində Quba rayonunda sakinlərlə görüş keçirilmişdir.

Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan görüşdə ailə büdcəsinin və şəxsi pul vəsaitlərinin düzgün idarə olunması, eləcə də ödəniş kartlarından istifadə mövzularında seminarlar təşkil olmuşdur. Bununla yanaşı, Mərkəzi Bank tərəfindən yaradılmış və əhalinin maarifləndirilməsinə xidmət edən "Maliyyə savadlılığı portalı" (https://bizimpullar.az/haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, portalın yaradılmasında məqsəd, ölkədə maliyyə savadlılığının ictimai dəyər kimi tanınması, maliyyə davranışlarının rassionallaşdırılması, iqtisadi subyektlərdə maliyyə bacarığının formalaşdırılması, eyni zamanda əhalinin maliyyə rifahının yaxşılaşdırılmasına dəstək göstərməkdir.

Görüşün sonunda Maliyyə savadlılığı portalındakı bəzi maarifləndirici animasiya nümayiş etdirilmiş və əhalinin gündəlik həyatda qarşılaşdıqları maliyyə məsələləri ilə bağlı suallar cavablandırılmışdır.