Mərkəzi Bankın “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi” istifadəyə verilmişdir

  • 28 İyun 2019
  • 89 baxış

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Prezidentin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin və 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamla təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq hazırlanmış “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi” istifadəyə verilmişdir.

İstifadəçilər axtar.bizimpullar.az ünvanını qeyd edərək həm fərdi kompüterlərdən, həm də mobil сihazlardan sistemə daxil ola bilərlər.

Maliyyə Savadlılığı portalının tərkib hissəsi olan bu sistem istifadəçilərin maliyyə məhsulları üzrə məlumatları bir mənbədən əldə etməsinə, müqayisə apararaq əlverişli məhsul və ya xidmət seçməsinə və seçim zamanı rasional qərarlar verməsinə imkan yaradır. Sistem əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarını asanlaşdırmaq və bu xidmətlərdən istifadəni stimullaşdırmaqla yanaşı, maliyyə xidmətləri bazarında rəqabətin gücləndirilməsi, təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılması, həmçinin şərtlərinin yaxşılaşdırılmasına da töhfə verəcəkdir. 

Sistemə qoşulmuş banklar əsas maliyyə məhsulları (məsələn, əmanət, kredit, ödəniş kartları və s.), filial və şöbələr, ödəniş terminalları və digər xidmətlər haqqında məlumatları (şərtlər və tariflər) sistemə yerləşdirib mütəmadi yenilənməni təmin edirlər.

Mərkəzi Bank tərəfindən “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə bankların qoşulması işləri gələcəkdə də davam etdiriləcəkdir.