Mərkəzi Bankda şagirdlər üçün növbəti yay məktəbi təşkil olunmuşdur

  • 15 İyul 2019
  • 87 baxış

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən maliyyə maarifləndirməsi tədbirləri çərçivəsində 8-12 iyul 2019-cu il tarixlərində növbəti yay məktəbi təşkil olunmuşdur. 10-12 yaşlı şagirdlər üçün “Daxıl mənim xəzinəmdir!” şüarı ilə keçirilən builki yay məktəbində 20 nəfər iştirak etmişdir. Yay məktəbinin əsas məqsədi uşaqları pulun tarixi, pul nişanları, büdcə anlayışı, şəxsi büdcənin hazırlanması, qənaət, israf, yığım və biznes planların qurulması mövzuları üzrə əyləncəli formada maarifləndirməkdən ibarət olmuşdur.

 

Təlimdə hər günün mövzusuna uyğun təqdimatlar və öyrədici videoçarxlar nümayiş etdirilmiş, müxtəlif intellektual oyunlar keçirilmişdir. Mövzuların lazımi səviyyədə aşılanması məqsədilə sessiyalar müxtəlif tapşırıqlar və əyani vəsaitlərlə dəstəklənərək interaktiv şəkildə aparılmışdır. Bununla yanaşı iştirakçılar Mərkəzi Bankın xəzinəsində, "AccessBank"-ın və “Atəşgah” Sığorta Şirkətinin baş ofislərində olmuşlar. Onlar burada peşəkar bank və sığorta işçiləri ilə görüşmüş, onların bank xidmətləri və sığorta fəaliyyəti barədə sualları cavablandırılmışdır.

 

Yay məktəbinin sonunda iştirakçılara təlim materialları, müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunmuşdur.