13-15 yaşlı məktəblilər arasında “Avropa Pul Viktorinası” keçiriləcəkdir

  • 21 Fevral 2020
  • 793 baxış

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun təşkilatçılığı və “Bank Respublika” ASC-nin dəstəyi ilə 13 mart 2020-ci il tarixində 13-15 yaşlı məktəblilər arasında “Avropa Pul Viktorinası” keçiriləcəkdir.

“Avropa Pul Viktorinası” 30-a yaxın Avropa ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə keçirilən yarışdır. Viktorina iki əsas mərhələdən – milli və Avropa finalından ibarətdir. Milli final mərhələsində qalib gələn iki nəfər 28-29 aprel 2020-ci il tarixlərində Belçikanın Brüssel şəhərində baş tutacaq Avropa finalında iştirak etmək hüququ qazanacaqdır.


İştirak şərtləri

İştirakçının yaşı 13-15 yaş aralığında olmalıdır. Yəni, 2020-ci ilin mart ayının 13-də (Milli final mərhələsində) 13 yaşını keçməli və 16 yaşı tamam olmamalıdır.

Müsabiqənin beynəlxalq olduğunu nəzərə alaraq, ingilis dili biliyi olan iştirakçılara üstünlük veriləcəkdir.


Qeyd

Yalnız qalib iki şagirdin səyahət (viza daxil olmaqla), mehmanxana və qidalanma xərcləri qarşılanacaqdır. Səyahətə qoşulmaq istədikləri halda valideynlərin və digər ailə üzvlərinin səyahət (viza daxil olmaqla), mehmanxana və digər xərcləri öz hesablarına olmalıdır. 


Qeydiyyat

İlkin seçim turu üçün bu linkdən qeydiyyatdan keçmək və müvafiq sualları cavablandırmaq lazımdır.

Yerlər məhduddur, qeydiyyatdan keçməyə tələsin.