Sahibkarlar üçün video formatda təlimlər keçirilmişdir

  • 31 Avqust 2020
  • 72 baxış

Azərbaycan Respublikası Maliyyə Sabitliyi Şurasının 20 sentyabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Bank Tədris Mərkəzi arasında imzalanmış müvafiq tədbirlər planı əsasında sahibkarlar üçün video formatda təlimlər təşkil edilmişdir. Azərbaycan Beynəlxalq Bankı “Sahibkarlar Klubu” üzvlərinin iştirak etdiyi təlimlər cari ilin 15 və 22 avqust tarixlərində keçirilmiş və “Sahibkarın pul axını və kredit” mövzusuna həsr edilmişdir.

 

Təlimdə sahibkarlara maliyyə resurslarının effektiv idarə edilməsi, o cümlədən gəlir və xərc proqnozlarının düzgün aparılması, risklərin qiymətləndirilməsi, maliyyə ilə bağlı digər məsələlərin optimal həll yolları ilə bağlı ətraflı məlumatlar verilmiş və mövzu üzrə sahibkarları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

 

Qeyd edək ki, Mərkəzi Bank müvafiq tədbirlər planının icrasına uyğun əhalinin, o cümlədən bank sektoru mütəxəssislərinin, sahibkarların və digər hədəf qruplarının maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş maarifləndirmə tədbirlərini davam etdirir.