Sahibkarlar üçün Sığorta mövzusunda seminar keçirilmişdir.

  • 1 Aprel 2021
  • 103 baxış

Azərbaycan Respublikasının Mərkəzi Bankı müxtəlif hədəf qrupları üçün maliyyə maarifləndirməsi tədbirlərini davam etdirir. Hədəf qruplarından olan mikro, kiçik və orta sahibkarların maliyyə bilik və bacarıqlarının artırılması və onlarda rasional maliyyə davranışlarının formalaşdırılması məqsədilə Mərkəzi Bank tərəfdaş qurumlarla birgə kiçik və orta biznes strukturları (KOB-lar) üçün seminar və təlimlər təşkil edir.

30 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Bakı KOB İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 15 nəfər sahibkar üçün “Sığortanın ümumi əhatə dairəsi və spesifik nüansları” mövzusunda maarifləndirici vebinar keçirilmişdir. Vebinarda Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin əməkdaşı Afət Həsənova sığorta və onun növləri, sığorta müqaviləsi, sığorta riskləri, dövlət və icbari sığorta, daşınmaz əmlakın sığortası haqda ətraflı məlumat vermiş və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirmişdir. Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin əməkdaşları Suğra Ağayeva və Lamiyə Qaralova iştirakçıları Mərkəzi Bankın maliyyə savadlılığı çərçivəsində yaratdığı elektron resurslarla (bizimpullar.az, infobank.az, edu.e-cbar.az) tanış etmiş və sualları cavablandırmışlar.