Məktəblilər üçün “mərkəzi bankçılıq” mövzusunda seminar keçirilmişdir

  • 8 Aprel 2021
  • 51 baxış

Azərbaycan Respublikasının Mərkəzi Bankı maarifləndirmə tədbirləri çərçivəsində hədəf qruplardan olan məktəblilər üçün maliyyə savadlılığına dair ardıcıl seminarlar keçirir. Bu tədbirlərin davamı olaraq 7 aprel 2021-ci il tarixində XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin yuxarı sinif şagirdləri üçün “Mərkəzi bankçılıq”, “Büdcə və yığım”, “Milli pul nişanları və onların mühafizə elementləri”, o cümlədən “Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə” mövzularında ingilis dilində maarifləndirici təqdimatlar edilmiş, həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Seminarlar Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin əməkdaşları Vüsal Həsənov, Suğra Ağayeva, Pərvin Qəhrəmanova və Hüquq departamentinin Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin əməkdaşı Fərahim Hüseynzadə tərəfindən aparılmışdır. Seminar zamanı məktəblilər Mərkəzi Bankın təşəbbüsü ilə yaradılmış elektron resurslarla tanış olmuş, eyni zamanda büdcənin tərtibi və yığım vərdişləri barədə praktiki məşğələlərdə iştirak etmişlər.

Məktəblilərin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.